ABŞ-ın ikinci dönəmdə artıq üç aya yaxındır hakimiyyətdə olan prezidenti Donald Trampın Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı gördüyü qeyri-adekvat görünən işlərin sonu aydın görünmür. Görəsən, Birləşmiş Ştatlar kimi bir dövlətin başından duran bu şəxsin gördüyü işlərdə müəyyən bir son məqsədi, konkret planı, strategiyası varmı? Axı ilk baxışdan belə təəssürat yaranır ki, Ağ Ev bu məsələdə elə kor-koranə, çox vaxt isə işğalçı Rusiyanın, onun diktator lideri Vladimir Putinin məqsəd və planlarına uyğun hərəkət edir?..
Mövzu ilə bağlı hafta.az-a açıqlamasında siyasi şərhçi, Ovqat.com saytının baş redaktoru Heydər Oğuz bunları söyləyib:
“Açığı, Trampın sadəcə öz düşüncələri ilə hərəkət etdiyinə inanmıram... Fikrimcə, ABŞ “dərin dövləti”ndə tarixən iki xətt olub. Onlardan biri qlobalistlər, digəri isə milliyyətçilərdir. Hər iki siyasi cərəyanın arxasında güclü iqtisadi quruluşlar dayanır və bu iqtisadi quruluşlar təkcə ABŞ-da yox, bütün dünyada baş verən iqtisadi proseslərə öz məqsədlərinə uyğun şəkildə yön verirlər. Ukrayna-Rusiya müharibəsinə fərqli yanaşmalar da bu rəqabətdən doğur. Son zamanlaradək qlobalistlər tərəfindən idarə olunan ABŞ öz maraqlarına uyğun şəkildə dünyəvi iqtisadi sistem yaratmışdılar. Bu sistemə uyğun olaraq dünya iqtisadiyyatı vahid bir mərkəzdən idarə olunurdu. Böyük kapitallar qazandıran ağıllı texnologiyaların istehsalı ABŞ-da həyata keçirilir, onun yan sektoru isə müxtəlif ölkələrə paylaşdırılmışdı. Əsasən qlobal finans sektoru onların əlində idi və heç bir əziyyət çəkmədən başqa dövlətlərə kredit verməklə böyük kapital əldə edirdilər. Beləcə, dünyanın rezerv kapitalına çevrilən dollar heç bir maddi qarşılığı olmadan çap olunur və ABŞ-a böyük pullar qazandırırdı. Nəticədə ABŞ-da real iqtisadiyyat çökür, ağır sənaye müəssisələri Çinə, Hindistana və s. ölkələrə köçürülürdü. Beləcə, ABŞ getdikcə iqtisadi böhrana sürüklənir, ölkə qlobal maliyyə qurumlarına borclanırdı. Trampın hakimiyyətə gətirilməsi bu təhlükəni aradan qaldırmağa xidmət edirdi…
2000-ci illərin əvvəlindən Çinin iqtisadi inkişafı və öz cizgisini aşaraq ağıllı texnologiyaların, o cümlədən alternativ enerji ilə çalışan maşınqayırma istehsalına yönəlməsi, Rusiyanın isə Avropanı enerji təchizatı baxımından özündən asılı vəziyyətə salması ABŞ-ın bu planını pozdu. Nəzərə alsaq ki, alternativ enerji mənbələri sayılan kritik mineral rezervlərinin də hardasa 60% Çində yerləşirdi və bu durum istər-istəməz onunla rəqabəti çətinləşdirirdi. Nəticədə dünya iqtisadiyyatının müasir texnologiya sektoru Çinin, Avropadakı klassik sənaye müəssisələrinin qan damarları isə Rusiyanın nəzarətinə keçirdi. Dünyanın iqtisadi məhvərinin istehsal baxımından Çinə və logistika baxımından Rusiyaya keçəcəyini anlayan ABŞ bu prosesin qarşısını almaq üçün müəyyən addımlar atmağa başladı. İlk işə isə Rusiyadan başladı. Ukrayna-Rusiya savaşı da məhz zərurətdən doğurdu. Məqsəd Rusiyanı tükəndirmə savaşına çəkməklə onu tamamilə bitirmək, ən azı Avropanı onun təsir dairəsindən çıxarmaqdır. Çünki müasir sənayenin canı enerji təchizatından asılıdır və Avropa sənayesinin rus eneji qaynaqlarına bağlanması qoca qitənin getdikcə müstəqilləşməsinə yol aça bilərdi. Faktiki olaraq Ukrayna savaşı ilə bu iqtisadi inteqrasiyanın önü kəsildi və status-kvonun davamı üçün müharibənin uzun müddət sürdürülməsinə ehtiyac var. Məntiqlə, bu qarşıdurmanın daha effektli tükəndirmə savaşına çevrilməsi üçün konflikt davam etdirilməli və cəbhədə üstünlük gah Ukraynanın, gah da Rusiyanın əlinə keçməlidir. Məsələyə bu aspektdən yanaşanda müharibənin başlarında Rusiyaya qarşı üstünlük əldə etdiyi bir zamanda Ukraynaya silah yardımlarının dayandırılması da bu amillə izah oluna bilər. Təsadüfi deyil ki, cəbhə xəttində üstünlüyün tez-tez yer dəyişməsi son zamanlar savaşın tıxanması ilə nəticələnib və ABŞ-a da bu lazımdır. ABŞ-da hakimiyyətə zaman-zaman Rusiyanın tərəfini tutan Trampın gətirilməsi də bu mənada təəccüblü görünmür. Amma Trampın uzun müddət Rusiyapərəst mövqe sərgiləməsi də savaşın tezliklə bitməsinə yol açar. Məhz bu səbəbdən yaxın zamanlarda Trampın yenidən Ukraynanın tərəfinə keçəcəyini görə bilərik. Şəxsən mən uzun illər boyu ABŞ-ın periodik olaraq tez-tez mövqe dəyişdirəcəyinə inanıram...”