Belə bir xəbər yayılıb ki, Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampın 500 milyard dollarlıq yeraltı mədən tələbinə razı olub. Hansı ki, əvvəllər Zelenski Trampa məhz bu tələbə görə, az qala, müharibə elə edirdi. Bəs nə oldu, rəsmi Kiyev niyə boyun əydi, bəlkə bilmədiyimiz başqa nələrsə var?
ABŞ və Rusiya nümayəndə heyətlərinin fevralın 18-də Səudiyyədə –ər-Riyadda keçirilən görüşdən sonra artıq hər kəs anlayırdı ki, Ukrayna sülhə məcbur ediləcək. Əslində, Krım yarımadasının 2014-cü ildə Moskva tərəfindən ilhaqı ilə başlayan bu müharibədə, əslində, özünü dost-qardaş göstərən dövlətlər istədiklərini ala bilmədilər. Bu dost ölkələrdən biri ABŞ-dirsə, digərləri Avropa İttifaqı ölkələri, onların çaldığına oynayan Cənubi Koreya, Avstraliya, Kanada, Yaponiya və digərləridir. Onlar Ukraynayamilyardlarla dollar xərclədilər, təyyarəsindən topunadək, uzaqvuran raketlərədək verdilər, amma xeyri olmadı. Sanki Rusiyada hər evdə bir tank, bir qırıcı var kimi, bu ölkənin hərbi arsenalı tükənmək bilmədi. İqtisadi sanksiyalar da təsir etmədi, düzdür, bir az gəlirlərinin azaldığı qeyd edilir. Həqiqətdə isə heç bu da inandırıcı görünmür. Təbii sərvətləri də o qədər çoxdur ki, yarı qiymətinə sataraq, hətta ABŞ-nin əzəli müttəfiqlərini, məsələn, Türkiyə, İtaliya və sair ölkələri belə, özünə bazar edə bilib. Hər halda, zamanında prezident olmayan Tramp baş verən prosesləri seyr edərək nəticəni hesablamağı bacarıb kimi görünür – müharibədə Moskva uduzmayacaq və ya onun uduzmasına yol vermək olmaz. Necə ki, İkinci Dünya müharibəsi illərində də Vaşinqton SSRİ-nin timsalında Rusiyanı uduzmağa qoymadı...
ABŞ-nin Rusiya və Ukraynadabaş verən proseslərə münasibəti işığında nəzər salanda belə bir sual yaranır: ABŞ müharibələr zamanı SSRİ-yə (Rusiyaya – V.T.) çox yardım edib, yoxsa Ukraynaya?

Vaşinqtonun Rusiyanı uduzmağa qoymaması bir az daha inandırıcı görünür. Ona görə yox ki, Trampın hakimiyyətə gəlməsində Rusiyanın təsirinin olduğu da zaman-zaman söylənilib, əsla, bu, Trampın iqtidarı tarixindən xeyli əvvəl baş verib.
İkinci Dünya müharibəsində SSRİ, az qala, Almaniya tərəfindən süquta uğradılırdı, amma ABŞ köməyə çatdı. Niyə, axı 80 il əvvəl Almaniya kommunizm ixrac edən Sovet İttifaqından daha yaxın görünürdü ABŞ-yə. Vaşinqton 1941–1945-ci illərdə Sovet İttifaqına ortalama 12 milyard dollara yaxın vəsait xərclədi. Hə, o dövrün məzənnəsi ilə 12 milyard, indi bu, 180 milyard dollara yaxın pul edir.
Üç il ərzində ABŞ Ukraynaya 350 milyard dollar xərclədiyini bildirir və qəribədir ki, əvəzində 500 milyard dollar tələb edir. Vaşinqton vaxtilə SSRİ-yə xərclədiyi 12 milyard dolların yerinə cəmi 722 milyon dollar ala bildi, onu da 1972-ci illə 2006-cı illər arasında – 34 il ərzində. Yəni verdiyinin 16-da bir hissəsini qaytara bildi, amma Ukraynaya öz təbirlərincə desək, 350 milyard dollar verib tamamını, üstündə də 40 faiz əlavə pul tələb edir. Doğrudanmı, Ukrayna bazarı Vaşinqtonun nəzərində belə kasadladı?Bəlkə Moskva Amerikaya daha böyük bazarlar təklif edib və biznesmen Tramp da gəlirini-çıxarını bilən biridir. Razılaşıb, hər şey gözləniləndir.
Rusiyanın Ukraynaya qarşı başladığı müharibənin davam etdiyi 3 il ərzində ABŞ Kiyevə hansı və necə silahlar verdi?Birmənalı olaraq, ancaq müdafiə üçün, özünü hücumdan qorumaqdan ötrü yetərli gücə malik hesab edilənləri. Özü də bu silahlar o vaxt verildi ki, Rusiya artıq Donbass, Luqansk, Zaparojye, Xerson kimi Ukrayna vilayətlərini işğal edərək, Krımla birlikdə öz xəritəsinə salmışdı. Hansı ki, Vaşinqton İkinci Dünya müharibəsi zamanı Almaniyanı məğlub etmək məqsədilə Moskvaya 14 min döyüş təyyarəsi, 7 min tank, 8 min zenit və tank əleyhinə raketlər, hərbi nəqliyyat infrastrukturunu yaxşılaşdırmaq üçün 1900 lokomotiv və 11 min vaqon, 430 min avtomobil, o cümlədən Studebaker yük maşınları, Willys və Ford jip modelləri, 35 min motosiklet vermişdi. Tramp hakimiyyətə gələn kimi Ukraynaya verdiyi pulu geri almaq üçün bütün təbii sərvətlərini ona verməsini tələb edib, amma 80 il öncə Vaşinqton nəinki Sovetlərdən sərvət tələb etmədi, əksinə, özü Moskvaya uçaq təmirində istifadə üçün 230 min ton alüminium, 2,7 milyon ton neft məhsulları, partlayıcı istehsalında istifadə üçün 1 milyon ton kimyəvi maddə və sair göndərdi. Trampın simasında ABŞ bu gün Ukraynanın sərvətləri üzərində nəzarət tələb edir, amma o vaxt SSRİ ordusunu Almaniya üzərində qələbəyə ruhlandırmaq məqsədilə Moskvaya 4,5 milyon ton ərzaq məhsulları çatdırmışdı.

İndi də gələk nəticələrə.
Birincisi, Ukraynada mövcud olan nadir metal yataqlarını ələ keçirmək üçün Vaşinqton üçün bundan yaxşı fürsət ola bilməzdi. Bu sərvətləri hasil etməkdən ötrü Almaniya, Fransa və Böyük Britaniya kimi Avropa ölkələri böyük iqtisadi proqramlara malikdirlər. ABŞ isə onları bu cür radikal və təcavüzkar bir şəkildə qabaqladı.
İkincisi, ABŞ 500 milyard dollarlıq yataqların üstünə oturandan sonra daha başqa sərvətlərə də tamah salacaqdı, üstəlik, bu sərvətləri hasil edib daşımaq üçün gərək olan nəqliyyat infrastrukturunu, ən azından, ilkin emal müəssisələrini də istəyəcəkdi. Qısası, Ukrayna tamamilə ABŞ-nin vassalına – 51-ci ştatına çevriləcək.
Üçüncüsü, ABŞ Ukraynaya sahib olmaqla orta-uzaq vədədə Qara dənizə, NATO-nun şərq hüdudlarına sahib olacaq, Rusiyanı, necə deyərlər, adi gözlə izləyə biləcək. Uzaq vədədə isə topunu-tüfəngini də gətirib burada yerləşdirə biləcək. Vaşinqton əla bilir ki, Ukraynanın NATO-ya üzvlüyünü dəli kimi rədd edən Rusiya bu ölkənin ərazisində Qərbin silahını görmək istəmir, amma Vaşinqton bunu yuxarıda qeyd etdiyim üsulla mərhələ-mərhələ həyata keçirəcək.

Ağ evin Rusiyanı qorumaq məsələsinə gəldikdə, birincisi, əvvəlki sovet dönəmində olduğu kimi, bu gün Rusiya dünyanı bölüşdürmək üçün ABŞ-nin ən sərfəli rəqibidir. Rusiyanın iqtisadi-maliyyə gücü dünyanın daha böyük hissəsini ələ keçirməyə imkan vermir, hansı ki, bunu günümüzdə Çin çox sakit və asanlıqda edir.
İkincisi, məhz Çin amilini nəzərə alan Vaşinqton müharibəni dayandırmaqla Rusiyanı öz tərəfinə çəkmək istəyir ki, bu zaman təbii olaraq sanksiyalar ləğv ediləcək, Rusiya öz təbii qazını və neftini, digər ixraclıq məhsullarını bazar tələblərinə uyğun şəkildə istədiyi qiymətə satacaq. Rusiya yenidən qazanacaq, güclənəcək, amma əvəzində Çin neçə ildir, yarıqiymətə idxal etdiyi məhsulları daha ucuz ala bilməyəcək. Pekinin Rusiya üzərindən həyata keçirməyə çalışdığı planları iflasa uğrayacaq. Eyni təsir Hindistan, Pakistan, son zamanlar ABŞ-yə inciklik nümayiş etdirən Türkiyə, Səudiyyə Ərəbistanı kimi ölkələrdə də hiss olunacaq və yenidən ABŞ-dən bərk yapışmağa başlayacaqlar.
ABŞ Moskvanın könlünü almaqla İranı da son vaxtlar xeyli arxayınlaşdıran Moskva ilə müttəfiqlikdən ayıracaq. Beləliklə, ABŞ müharibəni sonlandıraraq Ukraynaya yerləşməklə dünya üzərində ağalığının zəifləyən tərəflərini möhkəmləndirəcək. Bütün hallarda isə Ukraynanın tarixinə məğlub ölkə damğası vurulacaq və 603 min kvadrat-kilometrlik Ukrayna bir daha mövcud olmayacaq. Bir az da konkret desək, Trampın Kanada, Qrenlandiya, Panama kanalı tələblərinə Ukrayna da əlavə edilir...