Dünyanın gözü və qulağı Ukraynadan gələn xəbərlərdədir. Rusiyanın hələ də hərbi qələbə qazanmaması “Ukrayna Putinin Əfqanıstanı ola bilərmi?” sualının verilməsinə səbəb olur. Çünki 43 il əvvəl Sovet İttifaqını dağıdan müharibə ilə bugünkü hadisələr arasında çoxlu oxşarlıqlar var.
Hafta.az xəbər verir ki, Ukraynada müharibə dördüncü həftədir davam edir. Rusiya prezidenti Putinin əmri ilə fevralın 24-də Ukraynaya doğru irəliləməyə başlayan rus ordusu hələ də paytaxt Kiyevi ala bilməyib.
Qərbə əsaslanan kəşfiyyat hesabatları göstərir ki, Rusiya ordusu gözlənildiyindən daha çox itki verib və hədəflərindən geri qalıb.
Əslində ağıllarda yalnız bir sual var; İndi nə olacaq? Bir çox ekspertlər Ukraynanın Rusiya üçün yeni Əfqanıstan ola biləcəyi qənaətindədir.
27 dekabr 1979-cu ildə Sovet xüsusi təyinatlıları Kabildə mühüm binaları ələ keçirdi, böyük zirehli qoşunlar sərhədi keçərkən, hava-desant bölməsi paytaxt Kabil yaxınlığındakı hava limanını ələ keçirdi.
Bu gedişlərlə paytaxtda tez və qansız bir şəkildə marionet hökumət quruldu. Lakin Sovet İttifaqının Əfqanıstana müdaxiləsi Moskvaya baha başa gəldi.
Rusiya Ukraynanı işğal edərkən də oxşar üsula əl atıb. Müharibənin əvvəlində Rusiya xüsusi təyinatlıları və desantları Kiyev yaxınlığındakı hava limanına doğru irəliləyirdi. Lakin, uğursuz oldu.
Bu, bəlkə də Rusiya üçün müharibənin mənfi kursunun ilk göstəricisi idi. The Telegraph-dan Mark Almondun sözlərinə görə, bu, Əfqanıstan əməliyyatının surəti idi, lakin hər şey yolunda getmədi.
10 illik müharibədən sonra Sovet ordusu Əfqanıstanı tərk etdi və qısa müddət sonra Sovet İttifaqı dağıldı. Bu, Ukrayna da daxil olmaqla 15 ölkənin yaranmasına səbəb oldu.
Ukraynanın təslim olmaqdan imtina etməsi və qərbdən silah dəstəyi Ukraynanın Moskva üçün “ikinci Əfqanıstana” çevrilməsi anlamına gələ bilər.
1940-cı illərin sonunda Ukraynanın sovetləşməyə qarşı hər cür müqavimət göstərdiyini, lakin Moskvanın Stalinin sərt siyasətindən sonra istədiyini əldə etdiyini vurğulayan Almondun sözlərinə görə, bu gün vəziyyət çox fərqlidir.
Çünki Ukrayna artıq sovet peykləri ilə əhatə olunmuş ölkə deyil. O, düz yanında olan Polşa vasitəsilə xeyli hərbi texnika alır və bununla da rus ordusuna qarşı müqavimətini davam etdirir.
Bu, Soyuq Müharibə dövründə ABŞ-ın Əfqanıstana etdiyi yardımı xatırladır. Əslində, bir çox ekspertlər bildirirlər ki, Ukrayna ordusunun məğlubiyyəti çətin olacaq, məğlub olsa belə, müharibənin sonu olmayacaq.
Almondun fikrincə, Putinin burada iki yolu var; Ya Rusiya Ordusu Polşa sərhədinə qədər bütün Ukraynanı işğal edəcək, ya da Ukraynanın yalnız cənub və şərq yarısını Dnepr çayına qədər işğal edəcək.
Ukrayna ordusu məğlub olduğu halda belə, münaqişələrin ayların, hətta illərin partizan qarşıdurmasının başlanğıcı olacağı ehtimal edilir.
'Ukraynanın Əfqanıstanın dağlıq ərazisi olmasa da, nəhəng meşələrinin partizanlara sığınacaq yeri olduğunu' deyən Almond, Rusiya ordusunun artıq Əfqanıstanda verdiyi itkiləri xatırladan itkilər verdiyini vurğulayır.
1979-cu ildə Əfqanıstanın işğalı Sovet İttifaqının dağılmasına səbəb olan elementlərdən biri kimi təsvir edilir. Sovet ordusu 1989-cu ildə ölkədən çıxarıldı və müharibənin Moskvaya baha başa gəlməsi çox ağır oldu.
ABŞ-ın xarici siyasət üzrə eksperti Brüs Ridel hesab edir ki, Ukraynanın Əfqanıstanın təkrarı olub-olmayacağını anlamaq üçün SSRİ-nin Əfqanıstanda mücahidlər tərəfindən necə məğlub edildiyini anlamaq lazımdır.
ABŞ-ın o zamankı prezidenti Cimmi Karterin ruslarla döyüşmək üçün qısa zamanda strateji ittifaqı səfərbər etdiyini vurğulayan Riedel aşağıdakı ifadələrdən istifadə edir:
“İki həftə ərzində Pakistan lideri mücahidləri Pakistanda sığınacaq, baza və təlimlə dəstəkləməyə inandırılıb. ABŞ və Səudiyyə Ərəbistanı qiyamı birgə maliyyələşdirəcək. Pakistan kəşfiyyat xidməti (İŞİ) mücahidlərin rəhbəri olacaq; CIA və Səudiyyə Ərəbistanı kəşfiyyat xidməti və maliyyə dəstəyini verəcək.
Polşanın bu gün Pakistanla eyni vəziyyətdə olduğunu deyən ekspert hesab edir ki, Ukraynanın Rusiya üçün yeni Əfqanıstan olub-olmayacağı ABŞ və NATO-nun bu ölkəyə nə qədər dəstək verəcəyi və ukraynalıların müharibənin uzanmasına nə dərəcədə hazır olub-olmadığından asılı olacaq.
Sovet əsgərləri ilk dəfə 1979-cu il dekabrın 24-də Sovet lideri Leonid Brejnevin əmri ilə bölgəyə yola salınıb. 10 il davam edən müharibədə 15 minə yaxın sovet əsgəri həyatını itirdi.
Əvvəllər Əfqanıstanda olduğu kimi, ruslar çeçenlərin də vətənlərini müdafiə etmək iradəsini lazımınca qiymətləndirmirdilər. Eynilə, görünür, Putin ukraynalıların öz ölkələrini müdafiə etmək iradəsini lazımınca qiymətləndirməyib.
Həm Çeçenistanda, həm də Əfqanıstanda şok hücumların nəticə verəcəyini düşünən Rusiya komandanlığı ağır nəticələrə səbəb oldu.
Analoji vəziyyət bu gün Ukraynada da yaşanır. 2003-cü ildə İraq müharibəsi zamanı 101-ci hava-desant diviziyasına rəhbərlik edən və Əfqanıstandakı ABŞ qüvvələrinə komandanlıq edən istefada olan general Devid Petreusun sözlərinə görə, bu, təəccüblü deyil.
CNN İnternational-a danışan Petreusun sözlərinə görə, Rusiya ordusu açıq şəkildə əsas taktiki tapşırıqları yerinə yetirmək üçün çox aşağı standartlara malikdir.
Bildirilir ki, Rusiyanın hələ ilk ayını tamamlamayan müharibədə 6 general itirməsi rus ordusunun içində olduğu vəziyyəti gözlər önünə sərir.