Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) virtual reallığın təhsildə tətbiqinə dair təqdimat olub.
UNEC-dən hafta.az-a bildirilib ki, “VRINEDLY” startap şirkəti yeni texnoloji layihə təqdim edib.
Rektor Ədalət Muradov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin hər zaman yeniliklər tərəfdarı olduğunu bildirib. Qeyd edib ki, bu istiqamətdə görülən işlər nəticəsində UNEC-də “Elektron universitet” sistemi, distant təhsil mərkəzi “UNEC Extern” yaradılıb. Adaptiv təhsilin ali məktəbdə tətbiqi ilə bağlı işlər də davam edir.
Daha sonra gənclərdən ibarət startapçılar öz yeniliklərini təqdim ediblər. Onlar bildiriblər ki, virtual reallığın əsas üstünlüyü müxtəlif məkanlarda olan insanları bir auditoriyada toplamaq və sonsuz sayda siniflər yarada bilmək imkanıdır. Ən kiçik zal 30 nəfərlikdir. Səs və görüntü 3D-dir. Bu distant təhsil proqramı VR eynəkləri ilə yanaşı, istənilən kompüter proqramında da işləyə bilir. Burada bütün idarəetmə müəllimdə olur. Ən vacib üstünlüklərdən biri də virtual reallıqda olanların sosiallaşa bilməsi, ünsiyyət qurmasıdır.
Sonra startapçılar iştirakçıların suallarını cavablandırıblar.