Uşaqlara necə “olmaz” deyək?

12:00 17.04.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Mütəxəssislər hesab edirlər ki, uşağa qışqıra-qışqıra “olmaz” deyilərsə, azyaşlı daha da aqressiv davranışlar sərgiləyəcək

Bəzi ailələrdə nizam-intizam olmur . Başqa sözlə, ailə daxilində “idarəetmə” uşaqların əlində olur. Valideynlər uşağa “olmaz” sözünü aşılamaqdansa, onun hər dediyi yerinə yetirirlər. Nəticədə, valideyn özü də bilmədən uşağının psixologiyasında mənfi elementlər yaratmış olur. Belə ki, bu tip uşaqlar eqoistcəsinə hərəkətlər edir, məsuliyyət hissi ya zəif olur, ya da ümumiyyətlə olmur, dostluq münasibətləri qurmaqda çətinlik çəkir, yaşıdları ilə ünsiyyətdə problemlər yaşayırlar. Eyni zamanda, uşaq özünə bir yaşam məqsədi formalaşdıra bilmədiyindən, sevinc hissini duya bilmir və doyumsuz olur. Həmçinin nizam-intizam duyğusuna sahib ola bilmədiyindən, qaydaların olduğu yerdə özünü narahat hiss edir və onlara tabe olmaqda çətinlik yaşayır.

Düzdür, bəzi valideynlər uşağa “olmaz” sözünü ətraflı şəkildə aşılamadıqlarını etiraf edirlər. Amma onlar bu addımlarını övladlarına olan sevgi ilə əlaqələndirirlər. Hesab edirlər ki, uşağa “yox” deməmək övlada göstərilən sevginin ən yaxşı nümunəsidir. Mütəxəssislər isə bu addımı yanlış sayırlar və bildirirlər ki, sevgi heç də "hər şey olar” demək deyil. Lazım gələrsə uşağa "yox” deməyi də bacarmaq lazımdır.

Bəs, uşağa “yox”, “olmaz” sözlərini necə aşılamaq lazımdır?

Mütəxəssislər hesab edirlər ki, birinci qayda olaraq valideyn "yox” sözünü hər zaman işlətməməlidir. Bu zaman söz öz dəyərini itirə bilər. Əgər ana uşağı tez-tez danlayaraq "Yox, eləmə, olmaz! Bəsdi!” kimi ifadələr işlədərsə, az sonra bu uşaq tərəfindən qəbul edilməyəcək. "Yox” sözü o zaman işlədilməlidir ki, uşaq ona reaksiya versin. Məsələn, uşağın oynadığı otağa ona aid olmayan hansısa bahalı əşya qoyulubsa və uşaq ona tez-tez toxunursa, siz uşağa "yox” deməkdənsə, əşyanı otaqdan kənarlaşdıra bilərsiniz. Beləliklə, siz əvvəlcədən təhlükəni uzaqlaşdıraraq "yox” sözünü də işlətməmiş olacaqsınız.

İkinci qayda isə, əgər siz "yox” sözünü işlətmisinizsə, ardınca onu "hə” ilə əvəz etməyin. Müəyyən bir situasiyada "yox” cavabını demək lazımdırsa, siz əvvəlcədən bir də fikirləşin, bu sözü işlətmək nə dərəcədə məqsədə uyğundur. Ola bilsin ki, siz sonra fikrinizi dəyişib "hə” deyəzsiniz. Ona görə də əvvəlcədən bir də götür-qoy etmək məsləhətdir. Biz uşaqlarımıza ağı qaradan seçməyi öyrədəndə heç vaxt ağı qara ilə əvəz etmirik. Onda nə üçün "yox”u "hə” ilə əvəz etməliyik? Bunun düzgün olmadığını anlamalıyıq.

Üçüncü qaydaya görə, əgər siz artıq "yox” demisinizsə, onda böyük və çətin işə hazır olun. Yadda saxlayın ki, müəyyən bir qadağa uşaqda daha çox maraq oyadır və o, əksini edir. Çünki siz onun azadlığına məhdudiyyət qoyursunuz. Bu nəinki uşağın, hətta böyüyən belə xoşuna gəlmir. Ona görə də "yox” sözünü uşağın qəbul etməməsinə hazır olmalısınız. Məhz bu zaman çətin iş başlanır. Əvvəlcə uşaq özünü müdafiə etməyə başlayacaq və hər vasitə ilə çalışacaq ki, sizi sözünüzdən döndərsin. Valideyn bu məqamda səbrlə, heç bir aqressiv cümlələr işlətmədən öz sözünün üstündə durmalıdır. Artıq situasiyanı siz idarə edəcəksiniz və uşaq sizinlə razılaşmağa hazır olacaq. Siz isə bu çətin işi davam etdirməlisiniz. Bu zaman siz uşağı tərifləyərək, "yox”u müsbət emosiyalarla qəbul etdirməlisiniz. Hətta onu mükafatlandıra da bilərsiniz. Bu böyük və çətin bir iş, sınaq və tərbiyədir. Digər tərəfdən, yaddan çıxartmayaq ki, valideynlər uşaqlarına qoyduğu qadağalara özləri də riayət etməlidirlər. Məsələn, siz uşağa telefonla oynamağa qadağa qoymusunuzsa, özünüz də bundan imtina etməlisiniz. Bizə elə gəlir ki, qadağa qoymaq heç də çətin deyil. Əslində isə bu uşağı mənəvi təzyiq altına salır. Ona görə də başasalma, razılaşma yolu ən optimal və effektiv yol sayılır.

Dördüncü qaydaya görə, siz öz qadağanızı, yəni "yox” sözünü nəyə görə dediyinizi uşağın dərk edə biləcəyi zaman izah edin. Məsələn, ana bir yaş yarımlıq uşağını parka gəzməyə aparır və parkda uşaq tez-tez əlini skamyanın aşağı hissələrinə toxundurur. Ana yaş yarımlıq körpəsinin üstünə qışqıraraq deyir: "Sənə neçə dəfə deyirəm ki, oralar çirklidir!”. “Toxunma oralara” və s. Təbii ki, uşaq heç nə anlamır və ana üzünü o yana çevirən kimi uşaq təkrar əlini ora-bura sürtməyə başlayır. Çünki uşaq hələ mikrob nədir bilmir, bu zərərli vərdişin gələcəkdə hansı fəsadlar, xəstəliklər törədəcəyini anlamır. Ancaq ananın fikrincə, bu balaca nəinki anlamalı, hətta yadında saxlamalıydı ki, bunu eləmək olmaz. Məsələnin təhlükəli məqamı ondadır ki, ana öz anlaşılmaz ifadələri ilə nəinki uşağı başa salır, əksinə, hətta çaşdırır. Ona görə də uşağa nəyisə başa salanda onun şüurunun inkişaf səviyyəsini nəzərə almaq lazımdır. Əks halda biz onu anlaşılmaz qadağalarla təkbətək qoyuruq. Nəticədə də heç bir fayda olmur. Əgər uşağın yaş həddi və intelektual səviyyəsi bu cür qadağaları izah etməyə imkan vermirsə, qadağanı nə iləsə əvəz etmək lazımdır. Əgər siz uşağınıza nəyisə başa salırsınızsa, siz bu anlayışı uşağın dilində, onun başa düşəcəyi tərzdə edin. Və söhbətinizi elə qurun ki, o, özü sizə nəyi necə anladığını deyə bilsin.

Beşinci qayda isə “yox” sözünün hansı formada deyilməsi ilə bağlıdır. Çalışmaq lazımdır ki,"yox” sözü neytral emosiyasız deyilsin. Çünki onu münasibətlərin aydınlaşmasında deyil, tərbiyə prosesində istifadə etmək lazımdır. Əgər uşağa “yox”, “olmaz” kəlməsi qışqıra-qışqıra deyilərsə, bunun heç bir əhəmiyyəti olmayacaq, əksinə, uşaq daha da aqressiv davranışlar sərgiləyəcək.

Mövzu ilə bağlı fikirlərini bildirən psixoloq Narınc Rüstəmova hesab edir ki,   uşağın ən çətin tərbiyə dönəmi məhz yaş yarımdan etibarən başlayır: “Artıq uşaq yeriməyə başlayır, nitqi formalaşır. Uşağın tərbiyəsində yaranan problemlərin kökü elə valideynlərdədir. Çünki valideynlər uşaqlarının mükəmməl olmasına çalışır. Uşaqları potensiallarına uyğun olaraq qiymətləndirə bilmir. Tez bir zamanda qadağalar və cəzalar tətbiq edilərsə, uşağın özünə güvəni aşağı düşəcək və uğursuz uşaq yaranacaq. Yaş yarım üç yaş arası olan uşaqlarla valideynlər davamlı təmas qurmalıdırlar. Xüsusən də, bu yaşda uşaqlarda nitq formalaşdığına görə hər şey izah edilməlidir. Yağış niyə yağır, ana bu gün niyə əsəbidir, niyə görə su içirik və s. Ən qızıl qayda isə valideyn uşaq dili ilə danışmamalıdır. Nə qədər uzun cümlələr qursa, uşağın nitqi bir o qədər də inkişaf edəcək. Digər qızıl qayda cəza və mükafatın tətbiqidir. Bu yaşda uşaqlar üçün yemək və yatmaq rejimi mütləq olmalıdır. Valideynlər onu dabilməlidirlər ki, üç-altı yaş arası uşaqlarda eqosentirizm dönəmi başlayır. Eqo yəni mən, senter isə mərkəz. 3-6 yaş arası olan uşaqlar düşünür ki, dünyanın mərkəzi mənəm. Hər şey mənimdir. Qızıl qaydalardan biri də 3-6 yaş arası uşaq sahibi olan valideynlər bu dönəmdə uşaq sahibi olmasınlar. Çünki bu uşaqda paxıllıq hissi çoxalır, bölüşməyi bacarmır, qısqanclıq və daxili aqresiya yaradır. Gördüyü hər şeyi istəyir, “mənimdir” deyir. Bu dönəmdə oğlan uşaqları anaya, qız uşaqları isə ataya meyilli olur. Eqosentirizm dönəmində valideynlər çox ehtiyatlı olmalıdır. Çünki təməli necə qoydun, uşağın şəxsiyyəti o cür formalaşır. Valideynlər bu halda uşaqların şıltaqlıqlarını hökmlü tonla korrektə etməlidir, onları alçaldaraq və utandıraraq deyil. "Pis uşaqsan, ayıb olsun sənə" bu kimi ifadələrdən uzaq tutmalıyıq ki, uşağın şəxsiyyətində problemlər yaranmasın. "Gəl gedək oyuncaq alaq, sənə hər şey qurbandır" kimi sözlər də deyilməməlidir. Uşaq şıltaqlıq edəndə göz kontaktı qurulmamalıdır. Hökmlü tonda səs tembirini nə artırmadan, nə də endirmədən, nə yalvarmadan, nə də üstünə düşmədən uşaqla danışmaq lazımdır. Çünki aqresiya göz kontaktı zamanı artır. Gözünə baxıb nəsə başa salanda uşağın aqresiyası bir az da artacaq. Bu zaman valideyn uşağın sakitləşməyini gözləməlidir. Uşaqla hədə-qorxu ilə danışmaq olmaz, qorxuyla tərbiyə sistemi olmamalıdır. Çünki uşaqda kölə olma xüsusiyyəti yaranır. 12 yaşlarında qorxu ilə böyüdülən uşaqlarda problemlər yaşanır. Bu zaman uşaqlar qorxusundan yalan danışır, təhsildən yayınır və s”. 

Oxunma sayı 2040