Xamenei ABŞ-ın İranda daxili qarışıqlıq yaradacağından qorxur

09:05 02.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Tehranla Vaşinqton arasında gərginliyin yenidən artdığı bir vaxtda İran lideri Əli Xamenei xəbərdarlıq edib ki, tərəflər yeni nüvə razılaşması əldə etməsələr və prezident Donald Trampın təhdidləri gerçəkləşsə, ABŞ-a “güclü zərbə” vurulacaq.

Hafta.az-ın yazdığına görə, Xamenei çıxışında İrana qarşı təhdidlərin davam etdiyini, lakin kənardan düşmən hərəkəti ehtimalını görmədiyini bildirib. “Amerika və sionist varlığın düşmənçiliyi həmişə olub. Əgər onlar bizə hər hansı bir zərər versələr, bunun müqabilində mütləq güclü bir sillə alacaqlar”, - o deyib.

Xamenei daxili iğtişaşlardan qorxduğunu dilə gətirib: “Əgər İsrail və Amerika son bir neçə ildə etdikləri kimi ölkə daxilində ixtilaf salmağı düşünsələr, İran xalqı keçmişdə olduğu kimi onlara qarşı duracaq”.

BU arada, İranın Baş Qərargahı xəbərdarlıq edib ki, “hər hansı təhlükəyə artırılmış güc və aqressiv yanaşma ilə qətiyyətli cavab veriləcək”. İran İnqilab Keşikçiləri Korpusunun – SEPAH-ın raket bölməsinin komandiri Əmir Əli Hacızadə deyib: "Amerikalıların İranı əhatə edən bölgədə ən azı 10 bazası və 50 min əsgəri var. Bu, onların evlərinin şüşədən olması deməkdir".

İran Vaşinqtona ismarıcını ABŞ-ın maraqlarını təmsil edən İsveçrə səfirliyi vasitəsuilə çatdırıb.