Yunanıstanın Kiyevdəki keçmiş səfiri, bir müddət İstanbulda da baş konsulluq edən Vasilios Bornovas “Hellas Journal”a verdiyi müsahibə ilə Rusiyada gündəm mövzusu olub.
Hafta.az-ın yazdığına görə, onun ATƏT-in Ukraynadakı Xüsusi Müşahidə Missiyasının zabitləri ilə bağlı iddiası manşetlərə daşınıb. Bornovas 2014-cü ildə Rusiyanın tələbi ilə Ukraynadan birtərəfli müstəqilliyini elan edən qondarma Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasının da daxil olduğu Donbas bölgəsində çalışan ATƏT müşahidəçilərinin Kiyevə kəşfiyyat məlumatı verdiyini iddia edib.
RT telekanalının xəbərinə görə, Bornovas münaqişə zonalarına gedəndə Kiyev qüvvələrinin “ATƏT müşahidəçilərinin silahların yerləri haqqında verdiyi məxfi məlumatlardan istifadə etdiyini” gördüyünü deyib. Bornovas, "Bu mövqelər dərhal vurulduğundan müşahidəçilərin hesabatlarının Ukrayna bölmələrindən keçdiyi açıq-aydın görünürdü" deyib.
ABŞ və Rusiyanın Ukrayna müharibəsinə son qoymaq səylərini şərh edən keçmiş diplomat Aİ-nin daxili böhranlar səbəbindən çıxılmaz vəziyyətdə olduğunu bildirib.
Bornovas, Baltikyanı ölkələrin və Polşanın Aİ-nin xarici siyasətində çox təsirli olduğunu düşünür.
Keçmiş diplomat həmçinin iddia edib ki, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyasının təzyiqi nəticəsində müharibəyə məcbur edilmiş ola bilər.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Telegram hesabında açıqlama verib və ATƏT-i bu iddialara cavab verməyə çağırıb.