"Azərbaycanda xidmət etməkdən şərəf duymuşam" - Dan İanku

12:55 14.04.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rumıniyanın ölkəmizdəki səfiri Dan İankunun fəaliyyət müddəti başa çatıb. Dövlət təmsilçiləri ilə vida görüşü keçirən diplomat, dostlarını, medianı, ictimaiyyət nümayındələrini də unutmayıb - səfirliyin facebook səhifəsində hər kəsə yetəcək qədər məzmunda vida məktubunu paylaşıb.

Hafta.az-ın yazdığına görə, D.İanku məktubda qeyd edir ki, dörd il yarımdan sonra Rumıniyanın Azərbaycandakı səfiri qismində missiyası tamamlanır. "Bakıya gəldiyim anı hələ də çox gözəl xatırlayıram - şəhərə yaxınlaşarkən, Ələtdən gələn magistral yolda nəqliyyatın hərəkəti getdikcə daha da canlanırdı, lakin şəhər hələ də əlçatmaz idi. Birdən, bir döngədən sonra əzəmətli Bibiheybət Məscidi, daha sonra isə, yenə də gözlənilmədən geniş Bakı Buxtası və şəhərin özü, eləcə də şəhərin sentyabr ayının bir qürub çağında parlayan zərif üfüqləri qarşımızda canlandı. İndi bilirəm ki, Bakını anarkən, hər zaman o təzə, həyəcanverici, ilk duyğuları xatırlayacağam. O vaxtdan bu yana dörd ildən çox vaxt keçib və bu müddət ərzində Azərbaycanda saysız-hesabsız əhəmiyyətli həyat təcrübələri toplamışam. Bu illərin hər biri ölkənin sürətli inkişafına şahidlik edən mühüm və əlamətdar illər olub – Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı, 10 milyonuncu Azərbaycan vətəndaşının anadan olması, Cənub Qaz Dəhlizinin təntənəli açılışı, eləcə də şərəfli və tarixi 2020-ci il. Bu illər boyunca, həmçinin, Rumıniya ilə Azərbaycan arasındakı Strateji Tərəfdaşlıq möhkəmlənmiş və xalqlarımız arasındakı dostluq əlaqələri daha da dərinləşib" yazan diplomat qeyd edir ki, Bakını hər zaman ağlında və ürəyində daşıyacaq ən xoş və səmimi xatirələrlə tərk edir.

D.İanku yazır ki, Azərbaycanda olduğu müddətdə zəngin tarixə və mədəniyyətə, qədim və gözəl ənənələrə sahib, gələcəyə inamla baxan, müasir dünyagörüşlü füsunkar bir ölkəni kəşf edib. "Özəlliklə, heyrətamiz Azərbaycan xalqını – səmimi, qonaqpərvər, mehriban, həmişə kömək etməyə hazır olan insanları kəşf etdim. Azərbaycanda xidmət etməkdən həqiqətən də şərəf duymuşam", - yazır D.İanku