Prezident İlham Əliyevin ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda Zəngəzurun Azərbaycan torpağı olduğunu deməsi dünya gündəminin mövzusuna çevrilib.
Hafta.az-ın yazdığına görə, Azərbaycanda da müzakirə edilən bu məsələyə münasibət bildirən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Fuad Çıraqov deyir ki, ADA Universitetində dövlət başçısına verilən suallardan (Maykl Reynolds) biri ermənilərin qəsbkar siyasətini açıq-aşkar ifşa edirdi. "Sual belə idi ki, ermənilər özlərinin irrasional yanaşması ilə təkcə Azərbaycana deyil, özündən qat-qat böyük və güclü Türkiyəyə də ərazi iddiaları ilə çıxış edirlər və bu onları bu günkü fəlakətə gətirib çıxardı. Ən maraqlı və vacib suallardan idi və dövlət başçısının da xoşuna gəldi. Maykl Reynolds bu yanaşmanı "madness" və ya dəlilik adlandırdı. Eyni zamanda Reynolds Azərbaycan tərəfinin də, xüsusilə dövlət başçısının Zəngəzur, İrəvan və Göycə ilə bağlı əvvəl səsləndirdiyi fikirləri də xatırlatdaraq, Azərbaycanın da eyni xəttə yuvarlanması və ərazi iddiası olub olmadığını soruşdu. Dövlət başçısı çox mənalı cavab verdi ki, Azərbaycan Ermənistana ərazi iddiası irəli sürmür, ancaq eyni zamanda bu azərbaycanlıların həmin ərazilərə qayıtmayacağı demək deyil. "Biz o torpaqlara qayıdacağıq, amma bu o demək deyil ki, tankın üstündə", - deyə əlavə elədi" deyən F.Çıraqov əlavə edir ki, bundan sonra ermənicə yazan bir neçə qatı erməni millətçisi blogerin paylaşımlarına baxıb. Deməli, Ermənistanda hökumətə yaxın mətbuat orqanları Azərbaycan Prezidentinin yalnız "bizim Ermənistana ərazi iddiamız yoxdur" ifadəsini veriblər, digər hissələri işıqlandırmayıblar. Həmin bloggerlər də haray qaldırıblar ki, hökumət yalan deyir, Azərbaycanın dövlət başçısı həmin ərazilərə iddianı bir daha səsləndirib.
Ekspert prosesə sualla yanaşır: ümumiyyətlə, vəziyyət necədir? "Məsələ burasındadır ki, erməni millətçilər sülhdən daha çox qorxurlar, nəinki yeni müharibənin başlamasından. Bəli, sülhdən qorxurlar. Bunu bizdəki sülh çağrışları edənlər yaxşı anlamalıdılar. Sülhü mən də istənilən normal insan kimi, çox istəyirəm. Sülhdən qarşı tərəf necə və niyə qorxur? Keçən həftə keçmiş prezident Robert Köçəryanın Poznerə müsahibəsində bir məqam var idi. Deyirdi ki, "Türkiyə və Azərbaycanla sərhədlər açılsa, Ermənistan növbəti Acarıstana çevriləcək". Yəni, türk investisiyası gələcək, hər şeyi alacaq və sair. Bu gün Gürcüstanda Türkiyəyə və Azərbaycana qarşı kənar qüvvələrin apardığı təbliğatın əsas narrativi budur. Ermənilər qorxur ki, biz müharibəni udduğumuz kimi, sülhü də udaq. Təsəvvür edin: sərhədlər açılır, vəziyyət vaxt keçdikcə normallaşır, gediş gəliş başlayır. Bu gün Azərbaycan vətəndaşlarının ən azı 2-3 milyonu müxtəlif dövrlərdə o torpaqlardan qovulanlardır. Aralarında çoxlu dostlarım, tanışlarım var. İnsanlar tanıyıram ki, özü heç zaman orada olmayıb, amma atasından, babasında googlemapda dədə-baba evlərini tapıb həsrətlə baxırlar. Adamlar var, Rusiyada ermənilərə pul verib, işğal altında qalmış evlərinin videolarını çəkdirirdilər və gətirib burada nəsillikcə baxırdılar. Ermənilər bunu bilir və çox qorxur. Zaman-zaman gediş-gəliş artdıqca, münasibətlər sivilləşdikcə, babalarının torpaqlarından evlər və mülklər almaq istəyənlər də tapılacaq. Bunlara görə sülhdən və birgə yaşayışdan qorxurlar", - deyir F.Çıraqov.
Ekspert bildirir ki, məhz bu hallara görə cəmi bir neçə marjinal adamı çıxmaqla, orada hansısa həqiqi sülhdən danışanları görmür. Onun fikrincə, əksinə, ermənilər vəziyyəti anlamaq istəmirlər. "Deməli, bir erməni tanıyıram, əvvəl Qərbdən sülh quruculuğu ilə bağlı qrantlar alırdı, o biri tərəfdən də 2016-cı ildə Sasnatseri dəstəkləyirdi, hətta buna başqa bir erməni tanıdığım təəccüblənmişdi. Məhz buna görə onlara sülh alternativini göstərəndə, kaskaları da göstərmək lazımdır. Təkcə sülhdən danışsaq, çaşarlar və zəiflik görərlər", - F.Çıraqov bildirir.