“İcra başçıları Elçibəyə yalan məlumat verirdilər” – 4 iyun qiyamı ilə bağlı yeni faktlar

18:35 03.06.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Artıq 1993- cü il iyunun əvvəllərindən məlumat almağa başladıq ki,  Surət Hüseynovun adamları Gəncədən Bakı istiqamətindəki yol boyu rayonlarda hakimiyyətləri ələ keçirərək gəlirlər. 4 iyun hadisələri ərəfəsində mən Prezident Aparatında hərbi quruculuq məsələləri üzrə şöbə rəisinin müavini vəzifəsində çalışırdım. Araşdırmalarımız göstərirdi ki, əslində qiyamçıların o dərəcədə böyük gücü yoxdur və vaxtında qəti qərar verilsə idi, hökumət qüvvələri onlara müqavimət göstərə bilərdi. Məsələ ondadır ki, hakimiyyətin içindəki bir sıra adamlar, o cümlədən bəzi icra başçıları öz maraqları xatirinə, yaxud sadəcə, canlarını təhlükədən qurtarmaq üçün o vaxtkı prezident Əbülfəz Elçibəyə yalan məlumat verir, Surət Hüseynovun gücünü şişirdirdilər”.

Bunu hafta.az-a açıqlamasında müdafiə nazirinin sabiq müavini, ehtiyatda olan polkovnik Mehman Səlimov 29 il öncə- 4 iyun Gəncə hadisələri zamanı şahidi olduğu fakt və olaylardan bəhs edərkən söyləyib.

“Mən təxminən 1993-cü il iyunun 6-da o zaman dövlət katibi olan Əli Kərimliyə müraciət etdim ki, icazə verin, mən Bakıda özümün təlim keçdiyim bir taborla qiyamçı qoşunlarının qarşısına gedim. Bilirsiz, Surət Hüseynovun istifadə etdiyi qoşunların xeyli hissəsinə 1992-ci ilin payızında Qarabağda ermənilərlə genişmiqyaslı döyüşlər məqsədi ilə mən təlim keçmişdim. Ona görə də o hərbçilər məni yaxşı tanıyırdılar. Mənim  məqsədim öz nüfuzumdan istifadə edib qiyama qalxmış həmin hərbçiləri yola gətirmək və Azərbaycan dövlətçiliyinə qarşı çıxmaqdan çəkindirmək idi. Eyni zamanda mən dövlətçiliyin qorunması naminə Daxili Qoşunlara komandanlığının da mənə verilməsini və həmin qoşunlar vasitəsilə hərc-mərclik yaranmış rayonlarda hakimiyyətin bərpa edilməsini də təklif etdim.  Lakin təəssüf ki, AXC hakimiyyəti təklifimi qəbul etmədi və nəticədə dövlətçiliyimiz üçün təhlükə gerçəkdən böyüdü. Yalnız  iyunun 14-də hakimiyyət mənim nüfuz və  təcrübəmdən istifadə etmək məcburiyyətində qaldı. Məni bir qrup hərbçi ilə real durumu öyrənmək üçün rayonlara göndərdilər.  Əvvəlcə Hacıqabul-Ələt istiqamətində hərəkət etdik. Məlum oldu ki, artıq Gəncədən bəri  Haqcıqabul, Əli-Bayramlı(indiki Şirvan)və Salyanadək əksər rayonlar qiyamçıların nəzarətinə keçib. Şahidi olduq ki, cəmi 4 nəfər əsgər Salyan rayonunun girişində post qurub, amma rayonun icra hakimiyyəti, polisi, prokurorluğu və s. Surət Hüseynov tərəfdarlarının nəzarəti altında işləyir. Salyan icra hakimiyyətindəki söhbətlərim və müşahidələrim  mənim üçün çox şeyi aydınlaşdırdı... O cümlədən Şamaxı istiqamətinə də yollanıb orada da oxşar vəziyyətin şahidi olduq. Bakıya dönüb dövlət katibi Əli Kərimliyə  bildirdim ki, artıq gecdir, bu minvalla siz hakimiyyətdən getməli olacaqsınız.   Soruşdu ki, nəyə görə belə nəticəyə gəldiniz? Cavab verdim, ona görə ki, yerlərdə hakimiyyətə nəzarəti itirmisiz, heç kəs mərkəzə tabe olmur”- açıqlamasının davamında bunları bildirən polkovnik 4 iyun hadisələrini 4-5 oktyabr 1994-cü il olayları ilə müqayisə də edib. 

“4 iyun hadisələrini 4-5 oktyabr 1994-cü il olayları ilə müqayisə etsək görərik ki, Surət Hüseynovun ikinci çevrilişə cəhdi zamanı o vaxtkı dövlət başçısı Heydər Əliyev məhz qısa müddətdə yerlərdə və mərkəzdə formalaşdırılmış güclü hakimiyyət strukturları və qəti tədbirlər hesabına təhlükəni sovuşdurdu. Onu da qeyd  etmək gərəkdir ki, bu gün də artıq müstəqil dövlətçiliyimizin 31-ci ilində Azərbaycan dövlətinə müxtəlif xarici düşmən güclər tərəfindən təhdidlər olsa da, dövlət və hökumət strukturlarımız yetərincə təcrübəli və bacarıqlı əllərdədir. Və  o illərdə olduğu kimi, hər hansı bir qruplaşma dövlətimizə qarşı təhlükə yaratmaq iqtidarında deyil”- deyə sabiq nazir müavini vurğulayıb.