“Azərbaycan və Somali arasında 12 fevral 2025-ci ildə Bakıda imzalanan müdafiə əməkdaşlığı sazişi iki ölkə arasında hərbi və müdafiə sənayesi sahəsində strateji tərəfdaşlığın əsasını qoyur. Saziş Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Somali Federativ Respublikasının müdafiə naziri Əbdülqadir Məhəmməd Nur tərəfindən imzalanıb”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Arzu Nağıyev “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə layihə barədə məlumat verərkən deyib.
Deputat Sazişdə əsas məqamlara diqqət çəkib.
“Əsas məqamlar ondan ibarətdir ki, müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıq, hərbi strategiyalar, əməliyyatlar və müdafiə sənayesi sahəsində təcrübə mübadiləsini əhatə edir .
Eyni zamanda Azərbaycanın Somali Silahlı Qüvvələrinin gücləndirilməsi üçün texniki dəstək və hərbi biliklərin paylaşılması nəzərdə tutulur.
Qeyd etmək istərdim ki, Saziş ən yüksək səviyyədə siyasi dəstəyə malikdir, 12 fevral 2025-ci ildə Azərbaycan Respublikası ilə Somali Federativ Respublikası arasında imzalanmış sənədin Azərbaycan Prezidenti İlham Əliyevin və Somali Prezidenti Hasan Şeyx Mahmudun iştirakı ilə mübadiləsi mərasimi olub.
Bu saziş Azərbaycan və Somali arasında müdafiə və təhlükəsizlik sahəsində yeni bir mərhələnin başlanğıcıdır və hər iki ölkənin regional və beynəlxalq səviyyədə əməkdaşlığını gücləndirəcəkdir”.