“Prezident Məsud Pezeşkianın Azərbaycana səfəri müxtəlif aspektlərdən önəmlidir. Bu səfər İranın qonşu ölkələrlə müxtəlif sahələrdə, xüsusilə də iqtisadi sahədə əlaqələri gücləndirməkdə dərin əzmkarlığını əks etdirir”.
Hafta.az-ın yazdığına görə, bu sözləri “Arman Melli” qəzetinə müsahibəsində İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakain deyib.
Diplomat qeyd edib ki, keçmişdə İranla Azərbaycan arasında əlaqələrin diqqətçəkən məqamlarından biri ticarət, mədəni və hətta təhlükəsizlik sahəsində qarşılıqlı münasibətlər olub. “Son illər hər iki ölkənin iqtisadi imkanlarına, xüsusilə enerji və nəqliyyat sektorlarında böyük diqqət yetirilib. Bu səfər bir neçə cəhətdən əhəmiyyətlidir. Birincisi, Azərbaycan səfirliyinə hücum nəticəsində İranla Azərbaycan arasında yaranmış fikir ayrılıqlarından sonra hər iki tərəf kəşfiyyat və münasibətlərin möhkəmlənməsinə inamla bu vəziyyəti idarə edə bildi və Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti bərpa olundu. İki ölkənin yüksək vəzifəli şəxslərinin səfərləri də davam edib. Ötən həftələrdə İranın yol və şəhərsalma naziri xanım Fərzanə Sadiqin iştirakı ilə İran-Azərbaycan əlaqələri üzrə müştərək komissiya keçirildi və tərəflər arasında bir çox müqavilələr imzalandı. Doktor Pezeşkianın səfəri zamanı bu müqavilələrin təqibi aparılacaq və bu, iki ölkə arasında əlaqələrin uzunmüddətli əməkdaşlığa əsaslandığını göstərir. Ona görə də cənab Pezeşkianın səfəri münasibətlərin inkişafı baxımından hər iki tərəfdə vəziyyətin əlverişli olduğu bir şəraitdə baş verir. Ölkələrimiz arasında əlaqələr, xüsusilə enerji, nəqliyyat və yeni texnologiyalar sahələrində bu ümumi inkişaflar əsasında möhkəmlənmək yolundadır. Səfər İranla Azərbaycan arasında ikitərəfli münasibətlərdə dönüş nöqtəsi olaraq əməkdaşlığı genişləndirmək, iki ölkəni müxtəlif mövzularda, o cümlədən iqtisadi, mədəni və elmi məsələlərdə yaxınlaşdırmaq üçün dəyərli fürsət ola bilər”, - keçmiş səfir deyib.
Son zamanlar regionda, xüsusilə Azərbaycanla Ermənistan arasında vəziyyətin yaxşılaşdığını qeyd edən diplomat vurğulayıb ki, İranın bu iki qonşusu bir-birinin ərazi bütövlüyünü tanımaqla daimi sülh sazişi yolundadır. Regionun əsas münaqişələrindən olan Qarabağ torpaqlarının işğaldan azad edilməsini Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olması yolunda atılan böyük addım adlandıran Pakain son illər çoxsaylı gərginlik və qarşıdurmaların şahidi olan bu bölgənin hazırda müsbət inkişafa doğru irəlilədiyini bildirib.
“Təhlükəsizlik təbii olaraq iqtisadi əməkdaşlıq gətirəcək, çünki təhlükəsizlik olan yerə kapital axacaq. Ona görə də İran öz qəti mövqeyi və iki ölkənin ərazi bütövlüyünü dəstəkləməsi ilə regionda sabit sülhün bərqərar olmasında rol oynayıb və bu məqamda prezident Azərbaycana səfər edir. Səfər məhz bu nöqteyi-nəzərdən böyük əhəmiyyət daşıyır. Yəni səfər bir tərəfdən İranla Azərbaycan arasında ikitərəfli əlaqələri gücləndirə, digər tərəfdən isə regionun digər ölkələrinin də ümumi maraqlara əsaslanan daha konstruktiv çərçivədə münasibətlərini inkişafına zəmin yarada bilər. Cənubi Qafqaz regionunda baş verən son hadisələr, xüsusilə də Azərbaycanla Ermənistan arasında gərginliyin azalması və əldə olunan razılaşmalar bölgə dövlətlərindən biri kimi İrana aktiv diplomatiyanın yeni mərhələsinə qədəm qoymağa imkan yaradıb”, - Möhsün Pakain deyib.
Keçmiş səfirin sözlərinə görə, İranla əlaqələrin inkişafı Azərbaycan üçün də əhəmiyyətlidir. Çünki İran “Qafqaz, Avropa və Asiya arasında mühüm körpüdür”.
Onun sözlərinə görə, son illər, xüsusən də Qarabağ müharibəsindən sonra Azərbaycanın iqtisadi və nəqliyyat infrastrukturu inkişaf edir və İran bu baxımdan çox mühüm strateji tərəfdaş ola bilər. İran Azərbaycanın Fars körfəzi və Oman dənizi sularına çıxışı üçün əlverişli yoldur.
Şimal-Cənub dəhlizinin çatışmayan halqası olan Ənzəli-Astara dəmir yolu xəttinin iki ölkənin iştirakı ilə tamamlanması, eləcə də bu marşruta sərmayə yatırmaq istəyən Rusiyanın iştirakı ilə ölkələrin daşımaların inkişafında rolu arta bilər.
“Azərbaycan İranın Qara dənizə, eləcə də İranın Dağıstan vasitəsilə Rusiyaya çıxış yoludur. Bunlar nəqliyyatın inkişafında çox vacibdir, ticarət və iqtisadi mübadiləni artıra bilər. Ona görə də İranla Azərbaycan arasında müttəfiqlik və əlaqələrin genişləndirilməsi hər iki ölkə üçün həyati əhəmiyyət daşıyır. Belə görünür ki, o qədər də uzaq olmayan gələcəkdə ölkələrimiz arasında iqtisadi və ticarət əlaqələrində əhəmiyyətli sıçrayışlar yaşanacaq” deyən keçmiş səfir əlavə edib ki, mövcud şəraiti nəzərə alsaq, bu səfər ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsində təsirli ola biləcək fürsətdir.
Möhsün Pakainin sözlərinə görə, prezident Pezeşkianın Azərbaycana səfərinin əhəmiyyəti ondan ibarətdir ki, onlar siyasi, iqtisadi və mədəni imkanlarından yararlanmaqla ikitərəfli münasibətləri ümumi maraqlara uyğun inkişaf etdirə bilərlər.
“Ölkələrimiz bir-birinin strateji əhəmiyyətini dərk etdiyi üçün bu səfər əməkdaşlığın gücləndirilməsinə və regiona xarici müdaxilənin azaldılmasına zəmin yarada bilər. Ona görə də düşünürəm ki, səfər İran və Azərbaycana mühüm uğurlar gətirə, hər iki ölkənin ümumi maraqlarının reallaşması istiqamətində ciddi nəticələr verə bilər”, - Möhsün Pakain deyib.