İlk dəfə xaricdə keçirilən TEKNOFEST Azərbaycanın son günündə açıqlama verən Baykar Texnologiya rəhbəri Səlcuq Bayraktar, “Dünya Qarabağ savaşında türklərin nələr edə bildiyini gördü” deyib.
Hafta.az bildirir ki, Türkiyənin hüdudlarından kənarda ilk dəfə Azərbaycanın paytaxtı Bakıda keçirilən Aviasiya, Kosmos və Texnologiya Festivalı “TEKNOFEST”in son günündə tədbirlər tam sürəti ilə davam edir. Təyyarələr, pilotsuz uçuş aparatları, helikopterlər və zirehli texnikanın nümayiş olunduğu festivala ziyarətçilər böyük maraq göstərirlər. Baykar Texnologiya rəhbəri Səlcuq Bayraktar festivalın son günü olduğu üçün acı-şirinli bir sevinc yaşandığını ifadə edərək, “Bir tərəfdən çox həyəcanlıyıq, digər tərəfdən də kədərliyik. Bu gün TEKNOFEST-in son günüdür. Biz heç vaxt belə böyük marağın olacağını gözləmirdik. Türk uşaqlarının gələcəyinin yazıldığı, arzularının reallaşdığı Bakıda olmaq bizləri gələcəyimiz üçün çox sevindirir. Kaş ki, bundan sonra da davam edəydi, amma bu, bizim heç vaxt unuda bilməyəcəyimiz bir təcrübə idi. İlk dəfə xaricdə TEKNOFEST təşkil etdik və bu can Azərbaycanda oldu. Bu mənada çox xoşbəxtik”.
Səmada davam edən Akıncı şousuna işarə edən Bayraktar, “Cəmiyyətdə böyük maraq gördüm. Bu, bizə böyük ümid verir. Bu, böyük potensialın olduğunu göstərir. Xüsusilə də bu qardaşlığı gücləndirsək, daha böyük işlər görəcəyik. Artıq dünya türklərin Qarabağ savaşında nələr edə biləcəyini gördü”, - deyə bildirib.
Şuşaya səfər etdiyini və çox təsirləndiyini bildirən Bayraktar “Həyat yoldaşım və komandamızla Şuşaya getdik. Gördüklərimdən çox təsirləndim. Həyat yoldaşımla iki rükət şükür namazı qıldım. Bu günləri mənə göstərdiyi üçün Rəbbimə şükür etdim. Çünki bütün bunları və qələbəni verən Rəbbimizdir. Ümid edirəm ki, bir daha belə ağrılar yaşanmaz. Biz nəsillərimizi bu şüurla böyütməliyik ki, bir daha belə iztirablar yaşanmasın” - deyə bildirib.