“Fəaliyyətində qüsurlar aşkarlanmış dövlət qurumlarının rəhbərlərinin və məsul şəxslərinin Parlamentə dəvət olunmasınını istəyirəm. İstərdim ki, bizi narahat edən sualları onlardan soruşaq. Çünki, Hesablama Palatası hesabatı təqdim edir və proses bu gündən sonra bağlanır”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Razi Nurullayev Hesablama Palatasının hesabatı ilə bağlı bildirib.
“Kimlərsə, vəzifədən çıxarılsın, həbsə atılsın demirəm, belə arzum da yoxdur. Amma, istərdim ki, Hesablama Palatasının hesabatı müəyyən təlatümlər yarada bilsin və dövlət orqanlarının məsuliyyətinin artmasında dönüş yaratmağı bacarsın”- deputat deyib.
R.Nurullayev narahat olduğu məqamlardan birinin də büdcə vəsaitinin təyinatı üzrə xərclənməməsi, deposit hesablarda saxlanması, süni şəkildə şişirdilməsi və büdcəyə qaytarılması olduğunu deyib.
“Bu üç məsələdən birinin üzərində dayanmaq istəyirəm. Müxtəlif sahələr üzrə ciddi maliyyə ehtiyacları yaranır. Vətəndaşlardan müxtəlif problemlərin həllinə kömək ilə bağlı on minlərlə şikayət məktubları daxil olur. Belə olan halda, dövlət orqanının vəsaiti təyinatı üzrə xərcləmədən büdcəyə qaytarması qəbuledilməzdir. Bu ona bənzəyir ki, onlarla insanın kəskin baş ağrıları var, onlarla qutu ağrıkəsici olan Parasetomolu onlara vermədən depoya qaytarırsan. Bu ciddi şəkildə məsuliyyət yaratmalıdır”, - R.Nurullayev deyib.