“New York Post” qəzetinin xəbərinə görə, Kiyev administrasiyası ABŞ dövlət katibi Marko Rubionun bu həftə Parisdə təqdim etdiyi sülh planının böyük hissəsini təsdiqləyib.
Hafta.az-ın yazdığına görə, Ukraynanın müdafiə naziri Rüstəm Umerov və komandası müqavilənin qalan hissəsi üzərində işləməyə davam edir. Adının açıqlanmasını istəməyən rəsmi bildirib ki, mübahisəli məqamlar Rusiyanın işğalı altında olan ərazilərin statusu ilə bağlıdır.
Ukrayna lideri Vladimir Zelenski deyib ki, Rusiya atəşkəsə nail olmaq üçün işğal etdiyi ərazilərdən çıxmalı olacaq. Rusiya ordusu ölkənin təxminən 20 faizini işğal edir.
Bildirilir ki, müqavilənin imzalanması üçün Rusiyaya ABŞ-ın sanksiyalarının yumşaldılması və Rusiyanın dondurulmuş aktivlərinin sərbəst buraxılması kimi variantlar təklif oluna bilər.
Rubio deyib ki, Rusiya-Ukrayna razılaşması bir neçə gün ərzində tamamlanmalıdır, əks halda ABŞ “öz yolu ilə gedəcək”. ABŞ prezidenti Donald Tramp da dünən verdiyi açıqlamada atəşkəsi tez bir zamanda həll etmək istədiklərini, tərəflərin işləri çətinləşdirəcəyi təqdirdə prosesdən imtina edə biləcəklərini bildirib.
Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışıqlar gələn həftə Londonda davam etdiriləcək. İclasda ABŞ, Avropa İttifaqı və Ukraynadan nümayəndə heyətləri iştirak edəcək. Adını bildirməyən rəsmi ABŞ-ın Rusiyaya təzyiqini artıracağını deyir: “Londonda biz tam və hərtərəfli atəşkəs üçün qətiyyətimizi nümayiş etdirəcəyik. Sonra ruslarla görüşüb, “Bu, sizə verəcəyimiz ən yaxşı son təklifdir” deyəcəyik və hər iki tərəfin nə yerdə olduğunu görəcəyik”.
Vaşinqtonda yerləşən Atlantic Council analitik mərkəzinin əməkdaşı Aleks Plitsas deyir ki, Tramp Kiyevə qarşı sərt davransa da, Moskvaya eyni təzyiqi tətbiq etməyib. Rusiya ordusunun hücumlarını davam etdirdiyini qeyd edən Plitsas, Trampın Kremli razılaşmaya razı salması lazım olduğunu deyir: “Tramp vəzifədə olduğu ilk gündən sülh məqsədinə nail ola bilməyib. Ukraynanı Rusiyanın təcavüzünə buraxmaq həm ABŞ, həm də NATO üçün itki sayılacaq”.