Bu günlərdə Rusiyanın Xarici işlər naziri Sergey Lavrov, Qazaxıstanın XİN başçısı Muxtar Tleyberdi ilə görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında 2018-ci il avqustun 12-də Aktauda imzalanmış Xəzərin statusuna dair müqavilədən söz açıb. Deyib ki, Rusiya İranın Xəzərin hüquqi statusu ilə bağlı 2018-ci ildə imzalanan Konvensiyanı tezliklə ratifikasiya edəcəyini gözləyir.
Nazir bildirib ki, Rusiya İranda Xəzərin hüquqi statusu ilə bağlı ratifikasiya prosedurunun ən qısa vaxtda bitməsini gözləyir. “Üç il öncə Aktauda imzalanan vacib Konvensiya bundan sonra qüvvəyə minəcək və Xəzər dənizində əməkdaşlığımızın özülünü möhkəmləndirəcək”, - Lavrov əlavə edib.

Maraqlıdır, az qala üç ildir ki, sahilyanı beş dövlətin prezidenti tərəfindən imzalanmış sazişi İran Məclisi niyə təsdiqləmir? İranın ölkəmizdəki Səfirliyindən Hafta.az-a verilən məlumatda deyilir ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya beynəlxalq mahiyyətli sənəd olaraq İran İslam Respublikasında qanuni təsdiqləmə müddətini keçməlidir. Qeyd olunan təsdiqləmə prosesi isə hazırda davam edir.
“Qeyd edək ki, beynəlxalq konvensiyaların və müqavilələrin təsdiqlənməsi özlüyündə uzunmüddətli prosesdir və bir çox ölkələrdə olduğu kimi, bu müddət də İranda vaxt aparır. Buna görə də “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın İran hökuməti və xalqı, eləcə də qonşuları üçün böyük əhəmiyyəti nəzərə alınaraq, onun təsdiqləməsi heç bir vəchlə qeyri-adi deyil və proses davam edir”, - İran səfirliyinin açıqlamasında deyilir..
Qeyd edək ki, 2018-ci il avqust ayının 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb. Sənədə Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imza atıb. Ötən müddətdə sözügedən sənəd Azərbaycan, Rusiya, Qazaxıstan və türkmənistan parlamentləri tərəfindən ratifikasiya olunsa da, geridə buraxdığımız üç il ərzində İran Məclisi hələ də konvensiyanı təsdiqləməyib.