“Laçın dəhlizi”nin statusu barədə xüsusi qanun qəbul EDİLMƏLİDİR”

13:19 09.06.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ermənistandan yayılan statisik məlumata görə, yanvar-iyun aylarına qədər 1 325 xarici vətəndaş Qarabağa səfər edib.  Hər kəsə yaxşı bəllidir ki, xarici vətəndaşların Qarabağa qeyri-qanuni buraxılması faktları Azərbaycan tərəfindən pislənərək, məsələ həmin ərazilərdə yerləşən rus sülhməranlıları qarşısında ciddi şəkildə qaldırılıb. Prezident də dəfələrlə bildirib ki, Qarabağa xaricilərin səfərlərinin qarşısı alınmalıdır. Buna baxmayaraq, Ermənistan tərəfi  belə bir statistik məlumat yaymaqdan çəkinmir.

Maraqlıdır, xarici ölkə vətəndaşlarının Qarabağa səfərləri barədə məlumatların yayılması nəyə hesablanır? Bu fakt “Laçın dəhlizi”ndə yenidən Azərbaycanın gömrük postu, sərhəd buraxılış məntəqəsinin yaradılması zərurətini yaradırmı? Nəhayət, belə səfərlərin qarşısının alınması üçün hansı addımları ata bilərik?

Politoloq Qabil Hüseynli hafta.az-a açıqlamasında bildirib ki, bu cür qeyri-qanuni səfərlər açıq-aşkar Azərbaycanın suveren hüquqlarına təcavüzdür.  Azərbaycanla razılaşdırılmadan xarici ölkə vətəndaşlarının  Qarabağa daxil olması müharibədən sonra əldə olunmuş bütün razılaşmaların pozulması deməkdir.  Politoloq bildirir ki, bu faktlar “Laçın dəhlizi”ndə Gömrük Postu, sərhəd-buraxılış məntəqəsinin yaradılması məsələsini bir daha aktuallaşdırır.

“Əks halda, bu əraziləri xarici ölkələrin ekspansiyasından qorumaq mümkün olmayacaq. Ona görə də Azərbaycan “Laçın dəhlizi”nin statusu barədə xüsusi qanun qəbul etməli, Azərbaycanın bütövlük və sərhəd mühafizə orqanlarının həmin ərazidə asayişi qoruması ilə bağlı müddəa xüsusilə qabarmalıdır”.

Q.Hüseynli xarici ölkə vətəndaşlarının Qarabağa səfərlər etməsində məhz rus sülhməramlılarının özlərinin xüsusi iştirakı olduğunu qeyd edib. Onun sözlərinə görə, sülhməramlılar bu məsələdə ermənilərdən də fəal hərəkət edirlər.

“ Sülhməramlılar Azərbaycanın suverenliyinə ziyan vurmaq üçün əllərindən nə gəlirsə onu edirlər. Nə qədər ki, sülhməramlılar bu bölgədə qalır, burada əmin-əmanlıq olmayacaq. Bu nöqteyi-nəzərdən mənə belə gəlir ki, birinci növbədə sülhməramlıların özlərini həmin  ərazilərdən çıxarmaq lazımdır”.

Politoloq  sülhməramlı qüvvələrin üçtərəfli sazişə əsasən, 5 il müddətinə regiona gəldiyini qeyd etsə də, postsovet ölkələrində olan sülhməramlıların nəyə xidmət etdikləri hamıya bəllidir.

Onun fikrincə, müddətin bitməsinə 6 ay qalmış tərəflərdən biri sülhməramlıların çıxarılmasına etiraz edə bilər və yaxud fövqəladə bir vəziyyət baş verərsə, daha tez ərazidən çıxarıla bilər.

“Azərbaycan vaxtından əvvəl etiraz edib sülhməramlıları regiondan çıxarmalıdır. Bir sıra MDB ölkələrində - Abxaziya, Cənubi Osetiya, Dnestrayanı bölgələrdə proses gedir, belə tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bir sözlə, Azərbaycan da sülhməramlıların bölgədən çıxarılmasına hazır olmalıdır”.

Q.Hüseynli bildirir ki, ermənilərin üçtərəfli sazişə, Azərbaycanın rəsmi mövqeyinə, etirazlarına məhəl qoymadan Qarabağa xarici vətəndaşların səfər etməsini belə həvəslə tirajlamasının arxasında xüsusi maraqlar gizlənir.

“Ermənilər bununla Qarabağda müstəqil dövlətlərinin olmasına iddia edir və təbliğ edirlər.  Sanki bu müstəqil dövlət xarici ölkələr tərəfindən qəbul olunur, oraya gəlib-gedirlər, orada yaşamağa, təmas qurmağa çalışırlar. Xarici ölkə vətəndaşlarının gəlməsini qondarma respublikanın təbliği kimi təqdim etməyə çalışırlar”.