Şuşa Bəyannaməsinə doğru gəldiyimiz yolu qiymətləndirsək görərik ki, Türkiyənin hərbi və siyasi müstəvidə Azərbaycanla əməkdaşlığının kökü 1992-ci ildən başlayır. Məhz həmin ildən bu yana Türkiyə siyasi hakimiyyəti və silahlı qüvvələrinin mənsubları Qarabağ məsələsində, beynəlxalq siyasi, iqtisadi platformalarda Azərbaycanın yanında olub.
Bu fikirləri hafta.az-a hərbi ekspert Elxan Şıxəliyev deyib:
“Hələ 1992-ci ildən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin mənsubları Türkiyə Cümhuriyyətinin hərbi strukturlarına ezamiyyətə göndərilir, sonrakı mərhələlərdə Azərbaycan Silahlı Qüvvələrinə təlimatçı və vasitəçilər qismində gəliblər. Türkiyə zabitləri zaman-zaman Silahlı Qüvvələrimizdə komandirlərin, idarə rəislərinin yanında müşavirlər olaraq çalışıblar. Əslində, 44 günlük müharibə ərəfəsində hər zaman yanımızda oldular və özlərinin bilik və bazarıqlarını təcrübələrini Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında istifadə etdilər. Belə ki, Heydər Əliyev adına Hərbi Liseyin qurulmasında, yenidən təşkilatlanmasında, Azərbaycan Hərbi Akademiyasının yaradılmasında, hərbi təhsil doktrinamızın NATO doktrinasına uyğunlaşdırılması yönündə, hərbi ədəbiyyatımızın Türkiyədə istifadə olunan NATO modelinə keçidində, eləcə də Gizirlər Məktəbinin yaradılması, müddətdən artıq xidmət edənlər üçün təlim-tədris mərkəzinin yaradılmasında yaxında iştirak ediblər.
Təbii ki, Şuşa Bəyannaməsi ilə bizim Silahlı Qüvvələr çərçivəsindəki strateji əməkdaşlığımız strateji müttəfiqlik səviyyəsinə qaldırılmalı idi. Yəni Azərbayacanın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyinə, Türkiyənin də təhlükəsizliyi Azərbaycanın təhlükəsziliyinə bərabər tutulur. Bu çox mühüm məqamdır. Şuşa Bəyannaməsində Təhlükəsizlik məsələlərində qarşılıqlı təminatın verilməsi əsas ana xətt kimi özünü biruzə verir və verəcəkdir.
Biz növbəti 10 illiklərdə təhlükəsizliyimizi Şuşa Bəyannaməsinin çətiri altında asanlıqla təmin edəcəyik. Azərbaycanın sərhədlərinə qarşı qeyri-adekvat addım atanların qarşısında Türkiyəni görəcəyini bilirik. Türkiyə NATO-nun üzvüdür və bu ittifaqın 2-ci ən böyük ordusuna sahibdir və silahlı qüvvələri dünyanın ən güclü silahlı qüvvələrindən biridir. Şuşa Bəyannaməsi təbii ki, gücümüzə güc qatacaq. Şuşa Bəyannaməsi silahlı qüvvələrimizin Türkiyənin minimodelinə keçidinə işıq salacaq. Eyni zamanda, Türkiyə Silahlı Qüvvələri mənsubları Şuşa Bəyannaməsindən sonra yüksək qərargah səviyyəsində Azərbaycanda təmsil olunurlar. Əslində, onların əsas funksiyası koordinasiya məsələlərini həyata keçirməklə Azərbaycanın Türkiyə modelinə keçidini dəstələməkdən ibarətdir. Şuşa Bəyannaməsi özü-özlüyündə Azərbaycan silahlı qüvvələrinin və Azərbaycanın təhlükəsizliyini yeni mərhələyə çıxartdı. Bu, xüsusən Quru Qoşunları Qərargahının yaranması, quru qoşunlarının birliklərinin tərkibində komanda briqadalarının yaradılması Azərbaycanın hərbi doktrinasının yeni səviyyəyə çıxarılmasıdır. Silahlı Qüvvələrin xüsusi təyinatlılarının, hərbi hava qüvvələrinin də bütün səviyyələrdə Türkiyə ilə bərabər şəkildə beynəlxalq təlimlərdə iştirakı qüvvələrin bərabərləşməsinə, koordinasiya olunmasından xəbər verir. Hələ bizim ərazilərimizdə antiterror əməliyyatlarının keçirilməsi istisna deyil. Ona görə də bütün əlaqəli qruplarımız, komanda qruplarımız, xüsusi təyinatlılarımız, sualtı hücum və sualtı müdafiə qruplarının bu tapşırıqları yerinə yetirəcək səviyyədə beynəlxalq təlimlərdə və yerli təlimlərdə iştirakı təmin olunub.
44 günlük müharibədə qazandığımız zəfərdən və Şuşa Bəyannaməsindən sonrakı mərhələdə Azərbaycan hərbi qüvvələri artıq 4-5 nəsil texnologiya ilə dəstəklənən silahlı qüvvələrə çevrilib. Bu, Şuşa Bəyannaməsi və Türkiyədən aldığımız gücə əsasən davam edəcək. Azərbaycan da qarşılıqlı olaraq Türkiyədə mövcud olan fors-major hallarında hər zaman Türkiyənin yanında olub və olacaqdır. Şuşa Bəyannaməsi bizə dost olan, yaxud olmayan ölkələrə mesajdır. Bu sənəd xüsusən Ermənistanın radikal milləttçi qruplarının revanşist xəyallarının xülya olduğunu göstərir. Şuşada görüşlərin keçirilməsi, bəyanatlar verilməsi o deməkdir ki, düşmənin heç bir şansı yoxdur. Azərbaycan və Türkiyənin yolu gələcəkdə bərabər yürüməkdən keçir”.