Vladimir Fekete: “Biz İsa qəlbli bir çobanı itirdik”

09:05 23.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“On iki il əvvəl, kardinalların konklavı Buenos-Ayres arxiyepiskopu və Argentinanın priması kardinal Xorxe Berqolyonu Katolik Kilsəsinin başçısı seçdi. O, Fransisk adını qəbul etdi və pontifikliyinin lap əvvəlindən həm imanlıları, həm də imansızları təəccübləndirməyə başladı. Papa Fransisk hər cür nümayişkarlıqdan qaçırdı. Papa taxtına seçildikdən sonra o, Apostol Sarayının Papa igamətgahına köçməkdən imtina etdi və pontifikliyi boyunca Vatikanın qonaq evi olan “Casa Santa Marta”da sadə bir otaqda yaşadı”.

Hafta.az-ın yazdığına görə, bu sözləri Vaticannews-a açıqlamasında Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti yepiskop Vladimir Fekete Papa Fransisklə bağlı fikirlərini bölüşərkən deyib.

Cənab Fekete bildirib ki, Papa Fransisk evsizlərin, miqrantların və cəmiyyətdə təcrid olunmuş insanların problemlərinə xüsusi diqqət yetirirdi. Mərhum Pontifik cəmiyyətin bu ən həssas kateqoriyalarına insan ləyaqətini yenidən hiss etdirmək üçün bir sıra layihələr həyata keçirib. Onun şəfqət dolu, həssas və anlayışlı bir ürəyi var idi.

“Necə ki, bir zamanlar Assizili Müqəddəs Fransisk orta əsrlər Kilsəsində islahatlar etmək çağırışını özündə dərk etmişdi, Papa Fransisk da öz seçilməsini Kilsəyə, xüsusən də Roma Kuriyasına keçmişin qalıqları hesab etdiyi müəyyən forma və strukturların yükündən qurtulmağa kömək etmək fürsəti kimi görürdü. Onun səmimi insaniyyəti və bu insaniyyətin ifadə edilməsində təbiiliyi, ekumenizm və sülh istiqamətində göstərdiyi səylər ona Katolik Kilsəsi xaricində bir çox insanın heyranlığını və hörmətini qazandırdı. O, katolik doktrinasına sarsılmazcasına sadiq idi, lakin eyni zamanda insanların müasir dünyada düşdüyü çətin vəziyyətlərə böyük mərhəmətlə yanaşırdı. Onlardan çıxış yolunu tapmaq üçün Papa riskli cığırlarla addımlamağa hazır idi. Bəlkə də buna görə o, mühafizəkar dairələr üçün kifayət qədər mühafizəkar, liberal dairələr üçün isə kifayət qədər liberal deyildi” deyən Fekete bildirib ki, onun ölümü ilə Kilsə İsa qəlbli yaxşı çobanı, yoxsullar qayğıkeş ruhani atanı, müharibə və münaqişələrdən əziyyət çəkən dünya isə yorulmadan barışığa və qarşılıqlı bağışlanmağa çağıran səsi itirib.